coaching.az |

ALPHA dalğaları nədir?

İnsan beyninin davamlı şəkildə elektromaqnit dalğaları yaratdığı elm tərəfindən bilinən həqiqətdir və bu hadisə psixofiziologiyada beynin ritmik aktivliyi adlanır. Beyin tərəfindən ötürülən dalğalar əsasən dörd cürdür: ALPHA, Delta, Theta və Beta dalğalar. Bu dalğaların yaranmasını və yayılmasını insanın o andakı psixolojik vəziyyəti və əhval-ruhiyyəsi müəyyən edir.

Elektroensefaloqrafiya metodu ilə beyin dalğalarının ölçülməsi

İnsan beyninin bioelektirk hərəkətlərini qeydə alan elektroensefaloqrafiya metodunun ixtiraçısı sayılan Alman psixiatrı Hans Berger 1924-cü ildə beyindən ötürülən 8-12 Hz tezliyindəki ALPHA dalğaları kəşf etməyə nail olmuşdur. Daha sonralar bu dalğalar onun şərəfinə Berger dalğaları adlandırılmışdır.

7.5–12.5 Hz aralığında müşahidə olunan ALPHA dalğalar əsasən insanın gümrah, rahat və sakit psixoloji vəziyyətində generasiya olunur. Beyin ALPHA vəziyyətində hüzurun, diqqət və konsentrasiyanın, dincəlmənin, pozitiv düşüncənin, özünüdərkin, yaradıcılıq və təxəyyülün ən yüksək səviyyəsinə çatır. ALPHA vəziyyəti “həzz hormunu” sayılan endorfinin daha çox ifraz olunduğu və immunitetin gücləndiyi anlardır. Sadəcə ALPHA vəziyyətdə özünütənzimləmə və əsəb sisteminin bərpası mümkündür. Bu dalğalarda ikən beynimizin verdiyimiz qərarlar daha sağlam və yaradıcı qərarlardır. ALPHA vəziyyəti beynin sağ və sol yarım kürələrinin (məntiq və duyğularımızın) tarazlığa daha yaxın olduğu vəziyyətdir. Nəhayət, ALPHA dalğalarında şüuraltına enmək və intuitsiyaya daha çox güvənmək mümkündür.

ALPHA dalğalar

ALPHA dalğalarının güclənməsi emosional rahatlanmağa və şüurun genişlənməsinə şərait yaradır. Yaradıcı insanlar bu anı ilham anı adlandırırlar. Dünyadakı bir çox elmi kəşflər və mədəni nəaliyyətlər məhz beynin ALPHA dalğalarını yaşadığı anlarda ortaya çıxmışdır.

2-6 yaşında olan uşaqların beyninin ALPHA modunda olduğu bildirilir. Uşaqların daha yaradıcı və qavrayıcı, sevgi, sevinc və həyat dolu olması, kiçik şeylərlə xoşbəxt olmağı bacarması bununla bağlıdır.

Alman alimi Winfried Otto Schumann Yer kürəsi ilə ionosfer təbəqəsi arasında meydana gələn təbii dalğaların mövcud olduğunu kəşf etmişdir. Bu dalğalar günəşdən gələn şüalar, ildırım və buna bənzər elektrim cərəyanları ilə dünyamıza ötürülür. Alimlərin gəldiyi qənaətə görə ALPHA dalğaları və Schumann rezonansı arasında çox sıx əlaqə mövcuddur. Bu o deməkdir ki, beynimiz ALPHA moduna daxil olduğu zaman biz atmosferdə mövcud olan sərhədsiz informasiya axınına giriş icazəsi alırıq və bütövlükdə bizi əhatə edən kainat ilə eyni dalğada olmağı bacarır və onunla ahəng içərisində bütünləşirik.

Delta dalğalar

Delta dalğalar beynin yaydığı ən zəif dalğalardır və 0.5 – 4 Hz aralığında müşahidə olunur. Delta vəziyyəti beynin dərin yuxu vəziyyətidir, narkotikanın dərin təsirində və ya koma vəziyyətində də ortaya çıxır. Delta modunda şüur müvəqqəti olaraq “bağlanır”. Hər bir insanın yuxuya, yəni, Delta moduna ehtiyacı var. Çünki, yuxu olmadan beyin və vücud dincələ, yenilənə və iş qabiliyyətini bərpa edə bilməz. Yuxuların görülməsi beynin Delta vəziyyətində baş verir. Delta vəziyyəti beynin ən sirli və kəşf olunmasını gözləyən vəziyyətidir.

Theta dalğalar

4 – 7 Hz aralığında müşahidə olunan Theta dalğalar beyin və şüur aktivliyinin zəif olduğu dalğalardır. Mürgüləməyə başladığımız andakı vəziyyət və ya yarıyuxulu vəziyyət olaraq bilinir. Theta eyni zamanda insanın yuxudan oyanmağa başladığı anda da ortaya çıxan dalğalardır.

Beta dalğalar

Həyatımızın böyük mərhələsində beynimiz 12.5 – 30 Hz aralığında müşahidə olunan Beta dalğalarında “oturur”. Beta vəziyyəti beynimizin gündəlik normal vəziyyətidir. Beta modunda beyin oyanıq vəziyyətdədir – düşünür, danışır, qərarlar verir, problemləri həll edir və s. Beta dalğaların şiddətlənməsi adətən gündəlik iş və şəxsi həyatın stresləri və həyəcanları ilə üst-üstə düşür. Bu şiddət uzun müddət davam etdiyi müddətdə insan beyninin və duyğularının yüklənməsinə və yorulmasına gətirib çıxara bilər. Beta dalğaların zəifliyi və həddidən artıq şiddətlənməsi insanın düşüncə və duyğu sisteminə mənfi şəkildə təsir edə və hətta depressiyalara gətirib çıxara bilər.

Yuxarıda qeyd olunan və olunmayan beyin dalğaları insan təbiətinin əhəmiyyətli parçalarıdır və hər birinin həyatımızda vacib yeri və öz funksiyaları var. Duyğu, düşüncə və ruh tarazlığının qorunması üçün şüurlu şəkildə dalğalarda “otura bilmə” və dalğadan-dalğaya keçə bilmə bacarığını inkişaf etdirməliyik.

Bu dalğaların içərisində ən çox ehtiyac duyduğumuz dalğalar ALPHA dalğalardır. Çünki, digər dalğalar istər-istəməz iradəmiz xaricində bizi öz təsiri altına alır. ALPHA dalğalara köklənə bilmək daxili rahatlığımızı, beyin təmizliyimizi, gümrahlığımızı, yaradıcı və ilham dolu olmağımızı təmin edə edir. Özümüzlə, içimizdəki sevgi, arzu və xəyallarla barışıq olmaq istəyiriksə, eyni zamanda, bizi əhatə edən Kainat ilə ahəng içərisində yaşamaq istəyiriksə, beynimizin və ruhumuzun ALPHA tezliklərinə qoşulmağı bacarmalıyıq.

Elçin ƏZİMLİ

Kitab tövsiyəsi

Elçin Əzimlinin kitabları Goodreads platformunda
Dan ulduzu Dan ulduzu
reviews: 5
ratings: 19 (avg rating 5.00)

Bizi izləyin

Bizi sosial media kanallarımız vasitəsi ilə də izləyə bilərsiniz.