21-ci əsr bizə davamlı olaraq insanlığın inkişaf etmiş dövrü kimi aşılanır. Sizcə də inkişaf etmişik?
Cavabınızı qərarlaşdırmağınız üçün sizə bir neçə köməkçi meyar qeyd edirəm. Əgər min illiklər boyunca ilk insanın yaranmasından bu günədək:
- Xəstəliklər yox olmur, başqa yeni xəstəliklərlə əvəz olunursa;
- İnsanların intellektual səviyyəsi artmaq yerinə, azalırsa;
- İnsan əməyini əvəz etməsi üçün ərsəyə gətirdiyimiz texnikalar qazanılan vaxtımızı inkişafa yönələn böyükmiqyaslı işləri hədəf almağımıza səbəb olmursa, yaxud ola bilmirsə;
- İnsanlıq olaraq özümüzü, təbiətimizi, varlıq səbəbimizi hələ də dərk etmiş deyiliksə;
- Tarixi dövrlərin adları hələ də istifadə olunan xammalın adları ilə yadda qalırsa;
- İnsanlıq öz böyükmiqyaslı nailiyyətlərini kainatda bu nöqtə boyda yer alan Yer planetindən kənara çıxara bilmirsə;
- İnsanlığın inkişafında ən vacib rol oynayan təhsil hələ də bir çox dövlətlərin prioritetinə çevrilə bilməyibsə;
- İnformasiya mübadiləsini, informasiyanın insanlara nəsildən-nəslə təhrifsiz çatdırılmasına hələ də nail ola bilməmişiksə;
- Minlərlə il öncəyə aid tikililəri ərsəyə gətirmək bizim müasir imkanlarımızı aşırsa;
- Biz hələ də maddiyyat üzərində müharibələrədək gəlib çıxa biliriksə, dolayısı ilə nəfsimizə sahib çıxmağı öyrənməmişiksə;
- …..
Belə olan halda, sizcə biz insanlığın ən inkişaf etmiş dövründəyik?
– Xeyr.
Sadə misal: Biz, babamızın valideynlərini tanımayan bir nəsilik və çox güman ki, nəticələrimiz də bizim adlarımızı bilməyəcək.
Biz inkişafa deyil, dövri olan bir ssenariyə doğru gedirik. Daş dövrünə qayıdıb, yenidən “inkişaf etmiş 21-ci əsr”-ə qayıdacağıq və bu dövriyyə hələ çox davam edəcək.
Sizə sualım: Sizcə, bu hansı hadisəyə, hansı qərara, hansı zamanadək belə davam edəcək?
Dəyərli qalın,
Məlahət Hacıyeva
© 2018 · coaching.az