Qədim yunan dramaturqu Esxilin “Zəncirlənmiş Prometey” əsərində qüdrətli titanlardan sayılan Prometeyin kədərli hekayəsindən bəhs olunur. İnsanların yaxın dostu və himayəçisi olan Prometey tanrıların iradəsinə zidd gedərək odu oğurlayır və gizlicə insanlara çatdırır. Nəticədə isə baş tanrı Zevsin qəzəbinə düçar olaraq, uzun əsrlər boyunca Qafqaz dağlarına zəncirlənməklə cəzalandırılır.
Onun insanlara yaxşılığı və dolayısı ilə tanrıların qarşısındakı “cinayətləri” sadəcə odun oğurlanması ilə bitmirdi; Prometey insanların azad və yaxşı yaşamasını istəyirdi və bunun üçün onlara həyatın hikmətini və təbiətin sirlərini öyrətmişdi. O, insanlarda dünyaya qarşı maraq hissini oyatmış və oğurladığı odla birlikdə inkişafın sirlərini onlara ötürmüşdü; Prometeyin sayəsində insanlar oxumağı və yazmağı, müxtəlif peşələrə yiyələnməyi, özlərinə ev tikməyi, müalicə olunmağı, faydalı materialları əldə etməyi, torpağı əkib-becərməyi, gəmilərdə üzməyi, və s. faydalı işləri mənimsəmişlərdi.
Əlbəttə ki, bütün bunlar əfsanədir. Ancaq, Prometey ruhlu insanların tarix boyu yandırdığı bilik və inkişaf məşəli heç vaxt sönmədi, bir estafet kimi əldən-ələ ötürülərək və daha da gurlaşaraq günümüzə qədər gəlib çıxdı.
İnsan övladı tarixin hər dövründə elmə və yeniliklərə maraq göstərmişdir. Odun kəşfi və ya təkərin icadı inkişaf zəncirinin ilk, ancaq vacib halqalarından idilər. Əsrlər keçdikcə bu zəncirə yeni halqalar əlavə olundu və indi o, hər saat, hər dəqiqə yeni əlavə olunan kəşf halqaları ilə sonsuza uzanan səyahətinə davam edir.
Elmin nəzəriyyə olmaqdan çıxıb sistemli və faydalı şəkildə tətbiqi I Sənaye İnqilabı adlanan 18-ci əsrin sonlarındakı dövrə təsadüf edir. Buxar gücü ilə işləyən maşınların ixtirası və dəmir yolu nəqliyyatının yaranması bu inqilabın ən səciyyəvi xüsusiyyəti idi. İlk sənayeləşmə dalğasının təsiri altında cəmiyyətdəki sosial quruluşların dəyişməsi özü birlikdə yeni insan və davranış modellərini də gətirməyə başladı; yaratdığı texnologiyalar ilə birlikdə insan özü də təkmilləşməyə davam edirdi.
Bu gün IV Sənaye İnqilabı adlanan yeni dövrün astanasındayıq. Səsin sürəti ilə yarışa girən və sürücü olmadan avtonom şəkildə hərəkət etməyi öyrənən yeni nəqliyyat vasitələri, yerimizə düşünməyi öz öhdəliyinə götürən süni intellekt sistemləri, internet vasitəsi ilə etdiyimiz alış-verişi qapımıza qədər gətirən dronlar, sehrli çubuq kimi barmağımızın bir işarəsi ilə istəklərimizi həyata keçirən ağıllı sensorlar, sahibini barmaq izindən, üzündən və ya səsindən tanıyan qurğular, 3D printerlər, 5G-yə köklənmiş mobil və bulud texnologiyaları, rəqəmsallaşan pullar və ya ödəmə vasitələri, uzaqdan idarə olunan “ağıllı” evlər və ya şəhərlər və s. – bütün bunlar sadəcə gündəlik danışıq lüğətimizə yeni terminlərlə deyil, eyni zamanda həyatımıza yeni baxışlar, davranış, seçim və zövqlər şəklində daxil olmağı bacaran müasir hadisələrdir.
İnsanın yaratdığı yeni rəqəmsal dünya özü ilə ayaqlaşa bilmək üçün öz yaradıcısından daha fərqli davranış və düşüncə gözləntiləri içərisindədir. Bu dünya hal-hazırda iki qütbə bölünüb – prometeylərə və onların himayə etdiyi insanlara. Birincilər yaradıcı və istehsalçı qütbü, digərləri isə istehlakçı qütbü təmsil edir. İkincilər öz həyatlarını demək olar ki, birincilərə borcludurlar.
Dünya İqtisad Forumu 2016-cı ildə yayımladığı “Peşələrin gələcəyi” adlı raportunda 2020-ci ilin güclü insanının, yəni prometeylərin portretini aşağıdakı səriştələrlə cızmışdı:
- Kompleks problemlərin həlli;
- Tənqidi düşünmə tərzi;
- Yaradıcılıq;
- İnsanların idarə edilməsi;
- Başqaları ilə koordinasiya;
- Emosional intellekt;
- Sorğulama və qərar vermə;
- Xidmət orientasiyalı olma;
- Danışıqların aparılması;
- Düşüncə elastikliyi.
Bu səriştələrdən görüldüyü kimi, hər nə qədər süni intellekt çağına daxil olsaq da və ünsiyyət dairəmizə robotlar girsə də, insanlararası ünsiyyət hər zamankından daha çox aktual olacaq. Getdikcə kiçilən dünyada fərqli millətlər və mədəniyyətlər arasındakı məsafələrin də getdikcə qısalması ünsiyyəti hər zamankından daha çox önə çıxarır. İntellekti yaratdığı robotların intellekti kimi süniləşməməsi və öz təbiiliyini qoruması üçün, insan həmcinsləri ilə ünsiyyətini zənginləşdirəcək sosial bacarıqlarına (buna emosional intellekt də deyə bilərik) diqqət yetirməlidir.
Bəli, IV Sənaye İnqilabı dövründə insan kimi qalmağın tələbləri daha da çətinləşəcək. Bu əsrdə yaşayacağımız həyat sadəcə istehlakçı ruhu ilə bioloji ehtiyaclarımızın ödənilməsindən ibarət olmalı deyil. Beynimizi və ruhumuzu məhdudlaşdıran zəncirləri qıraraq və onların potensialından daha çox istifadə edərək, müasir dövrün prometeyləri kimi özümüzün və başqalarının yoluna işıq saçmağı bacarmalıyıq. Əks halda, içimizdəki o güclü ruhu Prometeyin hekayəsində olduğu kimi yenidən dağlara zəncirləmiş olacağıq.
Yaxşı, bunun üçün nə etməliyik?
Əvvəlcə, ağlagəlməz sürətə bürünən bu dünyada bir azca yavaşlamalı, sakitləşməli və beynimizlə ruhumuz arasındakı ahəng və əlaqəni bərpa etməliyik. Dünyanı və başqalarını tanımağa çalışdığımız qədər, özümüzü də kəşf etməyə vaxt ayırmalıyıq. Beynimizi və intellektimizi bəslədiyimiz qədər ruhumuzu da qidalandırmalı, onun ehtiyaclarını anlamaq üçün “mən kiməm, nə üçün yaşayıram, məni nələr xoşbəxt edir, bu dünyada əsl ehtiyaclarım nələrdir, dəyərlərim nələrdir, güclü və zəif tərəflərim nələrdir?” kimi suallara davamlı şəkildə cavablar axtarmalıyıq. Həyatda uğurlu olmağın deyil, xoşbəxt və hüzurlu yaşamağın yollarını araşdırmalıyıq.
Nəhayət, bu dünyanın tək sahibinin biz olmadığını anlamalı, ictimai varlıq kimi cəmiyyətdə yaşama ehtiyacımızın fərqinə varmalıyıq. Başqalarının seçimlərinin, duyğu və düşüncələrinin özümüzünkü qədər əhəmiyyətli olduğunu qəbul etməliyik. Necə də olsa, dünya hamıya çatacaq qədər böyük dünyadır.
Bu məqalənin sonunda özümüzü bu sual ilə sorğulayaq: “Mən 2020-yə nə qədər hazıram?”
Elçin Əzimli
Biznes kouç və təlimçi
“Dan ulduzu” romanının müəllifi
© 2019 · coaching.az