Dünən işdən evə qayıdarkən eyni yolu paylaşdığım sürücülərin avtomobillərini mədəni şəkildə və yol hərəkəti qaydalarına uyğun olaraq idarə etdiklərini gördükdə sevindim və onların bu davranışı məni daha da məsuliyyətli olmağa sövq etdi. Arada tək-tük qayda pozmağa çalışanlar olsa da, ümumi mənzərədə onlar çox gözümə görsənmədi və əhəmiyyət vermədim.
Daha sonra yaxın və uzaq çevrəmdəki yüzlərlə yaxşı insanı – özlərinə və başqalarına faydaları şəkildə yaşayanları, öyrənənləri və öyrəndiklərini öyrədənləri, paylaşmağı bacaranları, dürüst və nəzakətli davranış tərzini seçənləri – gözümün önünə gətirdim. Onlar sadəcə mənim tanıdıqlarım idi və əminəm ki, ölkəmizdə tanımadığım yaxşı insanların sayı tanıdıqlarımdan qat-qat çoxdur. Bəli, ölkəmizdə yaxşı insan bolluğu var.
Bütün bunları düşünərkən, bir də bəzi ağzıgöyçəklərin “bizim millət belədir“, “bizdən adam olmaz” kimi yersiz düşüncələrini xatırladım. Bununla da, hansısa nadan insanın nalayiq hərəkətlərini bütün cəmiyyətin ayağına yazmağın necə böyük haqsızlıq olduğunu təəssüflə anladım.
Bəli, qəbul edirəm ki, aramızdakı nadanların sayı və onların cəmiyyətə verdiyi ziyan az deyil. Ancaq, stəkanın dolu tərəfini görməyi də bacarmaq lazımdır. Ölkəmiz sadəcə pislərdən ibarət deyil. Görməyi bacarsaq, ətrafımızda minlərlə dürüst və mədəni insan var.
Ədalət o olar ki, 3 pisdən danışanda, 5 də yaxşıdan danışaq. Quruların oduna yaxşları yandırmayaq.
Biz görmürüksə, bu, yaxşılığın yoxluğuna dəlalət etməz.
Ən vacib sual başqalarının deyil, sənin kim olduğundur. Ən vacib məsələ də başqalarının deyil, sənin adam olmağındır.
Bunları anladığım gündən mən başqalarını günahlandırmaqdan uzaq qaçıram; adam olmağa çalışdığım üçün.
İsa peyğəmbər demişkən: “İlk daşı aranızda ən günahsız olan atsın”.
Buyurun, aramıda günahsız olan varsa, bir addım önə çıxsın. Lütfən.
Elçin ƏZİMLİ
ICF təsdiqli peşəkar kouç
© 2018 · coaching.az